Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2023-cü ilin yanvar-avqust aylarında 45,1 milyard manatlıq və ya 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 0,7% az sənaye məhsulu istehsal edilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Neft-qaz sektorunda məhsul istehsalı 1,4% azalıb, qeyri neft-qaz sektorunda isə 6% artıb.
Sənaye məhsulunun 68,6%-i mədənçıxarma sektorunda, 26,2%-i emal sektorunda, 4,4%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,8%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.
Emal sektorunda ağacın emalı və ağacdan məmulatların istehsalı 97,1%, kompüter, elektron və optik məhsulların istehsalı 80,4%, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 52,1%, poliqrafiya məhsullarının istehsalı 30,1%, kağız və karton istehsalı 27,2%, içkilərin istehsalı 26,7%, tikinti materiallarının istehsalı 26,4%, toxuculuq sənayesi məhsullarının istehsalı 23,5%, rezin və plastik kütlə məmulatlarının istehsalı 20,9%, hazır metal məmulatlarının istehsalı 17%, maşın və avadanlıqların istehsalı 14,9%, neft məhsullarının istehsalı 13%, qida məhsullarının istehsalı 11,2%, tütün məmulatlarının istehsalı 6%, kimya sənayesi məhsullarının istehsalı 6%, mebel istehsalı 6%, əczaçılıq məhsullarının istehsalı 2,8% artıb, elektrik avadanlıqlarının istehsalı 0,7%, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 6,7%, geyim istehsalı 13,6%, sair nəqliyyat vasitələrinin istehsalı 17,7%, sair sənaye məhsullarının istehsalı 30,5%, metallurgiya sənayesi məhsullarının istehsalı 30,7%, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 31,4% azalıb.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 1,9%, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 15,6% artıb.
2022-ci ildə Azərbaycanda sənaye məhsullarının istehsal həcmi 86 milyard manat təşkil edib ki, bu da 2021-ci ilin göstəricisindən 1,1% azdır.*
X.Nəsirzadə