2023-cü ilin yanvar-avqust aylarında Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 11,3% artaraq 925,3 manat (cari məzənnə ilə $544,3) olub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
1 yanvar 2023-cü il tarixinə ölkədə orta aylıq nominal əməkhaqqı 839,4 manat ($493,8), fevralın 1-nə 856,2 manat, martın 1-nə 854,5 manat, aprelin 1-nə 901,3 manat ($530,2), mayın 1-nə 913,9 manat ($537,6), iyunun 1-nə 916,8 manat ($539,3), iyulun 1-nə 921,9 manat ($542,3) təşkil edib.
2023-cü il avqustun 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 milyon 706,5 min nəfər (2023-cü il iyulun 1-nə 1 milyon 725,5 min nəfər) olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,6 min nəfər və ya 0,7% azdır.
Onlardan 891,7 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 814,8 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.
Muzdla işləyənlərin 19%-i təhsil, 18,7%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 12,8%-i sənaye, 8,5%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,5%-i dövlət idarəetməsi və müdafiə; sosial təminat, 6,4%-i tikinti, 4,3%-i nəqliyyat və anbar təsərrüfatı, 3,7%-i peşə, elmi və texniki fəaliyyət, 3,5%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,1%-i maliyyə və sığorta fəaliyyəti, 14,5%-i isə iqtisadiyyatın digər sahələrində məşğul olub.*
X.Nəsirzadə