2023-cü ilin yanvar-avqust aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 35 milyard 723,2 milyon manatlıq istehlak malları satılıb ki, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 3,2% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə istehlakçılara 20 milyard 173,9 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları (2022-ci ilin yanvar-avqust ayları ilə müqayisədə artım 2,1%), 15 milyard 549,3 milyon manatlıq qeyri-ərzaq malları (artım 4,5%) satılıb.
2023-cü ilin yanvar-avqust aylarında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 52,1%-i ərzaq məhsullarının, 4,4%-i içkilər və tütün məmulatlarının, 12,7%-i toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,4%-i avtomobil benzini və dizel yanacağının, 4,8%-i elektrik malları və mebellərin, 2,3%-i əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1,1%-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 17,2%-i isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.
2022-ci ilin yanvar-avqust ayları ilə müqayisədə 2023-cü ilin yanvar-avqust aylarında pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 2%, fərdi sahibkarlar üzrə 3,8%, bazar və yarmarkalarda 3,1% artıb.
Hesabat dövründə pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda 248,5 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 191,6 manatlıq qeyri-ərzaq malları alıb.
2022-ci ilin yekunları üzrə əhali istehlak mallarının alınması xərclərini 3,1% artırıb.*
N.Abbasova