Milli Məclisin sədri Sahibə Qafarova hesab edir ki, Ermənistanın sürətlə silahlanması sülh perspektivlərini sarsıdır və region üçün yeni təhlükələr yaradır.
Hazırda Bolqarıstanda rəsmi səfərdə olan Qafarova bu ölkənin ali rəhbərliyi ilə bir sıra görüşlər keçirib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə parlamentin mətbuat xidmətindən məlumat verilib.
Görüşlər zamanı Qafarova deyib ki, “əgər Ermənistan həqiqətən də sülh istəyirsə və Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edirsə, o zaman niyə sürətlə silahlanır? Yaxud Ermənistan kimi kasıb ölkə niyə 100 milyon dollarlıq silah alır?”.
Spikerin sözlərinə görə, Ermənistan əldə etdiyi silahlardan Azərbaycanın suveren ərazisinə qarşı istifadə edir. Bu isə onu deməyə əsas verir ki, Ermənistanın sürətlə silahlanması sülh perspektivlərini sarsıdır və region üçün yeni təhlükələrə gətirib çıxarır.
Onun fikrincə, bu gün Ermənistanda revanşist qüvvələr fəallaşır. “Ermənistan indiyə qədər Azərbaycana qarşı ərazi iddiasındadır. Azərbaycan isə Ermənistanla münasibətlərin normallaşdırılmasına, suverenlik və ərazi bütövlüyünə qarşılıqlı hörmət əsasında sülh sazişinin imzalanmasına sadiqdir. Azərbaycan, həmçinin Qarabağ bölgəsinin etnik erməni sakinlərinin Azərbaycanın bərabərhüquqlu vətəndaşları kimi reinteqrasiyası üçün səylər göstərir”, - deyə Qafarova əlavə edib.*
R.Əhmədov