Azərbaycan "Azəri-Çiraq-Günəşli" neft-qaz yataqları blokunun (AÇG) işlənilməsi layihəsinin reallaşdırılmasından 2001-ci ildən indiyədək $168 milyard xalis mənfəət əldə edib. Bu barədə "BP-Azerbaijan" şirkətinin mətbuat katibi Tamam Bayatlı bəyan edib.
“bp şirkəti tərəfindən dünya üzrə maye karbohidrogen hasilatının 7%-i Azərbaycanın payına düşür. Azərbaycan "Azəri-Çiraq-Günəşli" layihəsinin reallaşdırılmasından 2001-ci ildən indiyədək $168 milyard xalis mənfəət əldə edib”, - Bayatlı çərşənbə günü Səngəçal terminalına təşkil olunmuş media-tur zamnaı jurnalistlərə bildirib.
“İnterfaks-Azərbaycan”ın müxbiri məlumat verir ki, Bayatlı həmçinin qeyd edib ki, bp və onun tərəfdaşları Azərbaycan, Gürcistan və Türkiyədə həyata keçirilən layihələrə $84 milyard ümumi məbləğdə sərmayə yatırıblar, bunun 30%-i bp şirkətinin payına düşüb.
Hazırda Azərbaycanda bütün neft hasilatının 2/3 hissəsi AÇG-nin payına düşür.
“Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinsulu hissəsinin işlənməsi haqqında müqavilə 1994-cü il sentyabrın 20-də imzalanıb və elə həmin ilin dekabrın 12-də qüvvəyə minib.
Müqavilənin müddəti 2024-cü ildə başa çatmalı olsa da, 2017-ci il sentyabrın 14-də Bakıda AÇG blokunun işlənməsi haqqında 2050-ci ilədək olan dövrü əhatə edən yeni müqavilə imzalanıb.
Yeni müqavilə üzrə BP (Britaniya - layihənin operatoru) 30,37%, SOCAR 25%, MOL (Macarıstan) 9,57%, “ExxonMobil” (Amerika) 6,79%, ONGC (Hindistan) 2,31%, “Inpex Corp.” (Yaponiya) 9,31%, “ITOCHU Oil” (Yaponiya) 3,65%, “Equinor” (Norveç) 7,27%, TPAO (Türkiyə) 5,73% pay sahibidir. **
N.Abbasova