Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Aparat rəhbəri Elxan Mikayılov 50-yə yaxın daşıma fəaliyyəti ilə məşğul olan sahibkar və onların təmsilçiləri, eləcə də kuryerlərlə görüş keçiriblər. Bu barədə “İnterfaks-Azərbaycan” KOBİA-ya istinadən məlumat verir.
Görüş zamanı tərəflər qanunvericilikdə nəzərdə tutulmuş tələblərə uyğun olaraq daşıma fəaliyyəti ilə bağlı biznesin formalaşması və inkişafı, habelə sahibkar və kuryerlərin çətinlikləri və onların həlli yolları məsələlərini müzakirə etdilər.
Məmmədov bu sahədə fəaliyyət göstərən şirkətlərin sayının artdığını qeyd edib.
Onun sözlərinə görə, KOBİA daşıma sektorunda biznesin düzgün formalaşması və idarə edilməsinə lazımı dəstəyi göstərməyə hazırdır. Məmmədov kuryerlərin təşkilatlanması və qarşılaşdıqları çətinliklərin müvafiq qurumlara daha rahat çatdırılması üçün assosiasiyanın yaradılması məsələsinin nəzərdən keçirilməsini təklif edib.
Öz növbəsində, Mikayılov AQTA-nın daşıma fəaliyyəti ilə məşğul olan sahibkarlar və kuryerlərlə yaxından əməkdaşlıq etdiyini, prosesin qida təhlükəsizliyinin tələblərinə əməl olunmaqla idarə edilməsi məqsədilə artıq təlimlərə başlanıldığını bildirib.
“Məhsulların təhlükəsizliyinə istehsalçı ilə yanaşı, onların daşınmasını və istehlakçıya çatdırılmasını həyata keçirən daşıma şirkətləri və kuryerlər də cavabdehlik daşıyır. Bu məqsədlə AQTA tərəfindən praktik xarakter daşıyan ödənişsiz təlimlərə başlanılıb. Təlimlər bütün kuryerləri əhatə etməklə mərhələli şəkildə həyata keçiriləcək. Bu sahədə KOBİA ilə birgə də tədbirlərin reallaşdırılması nəzərdə tutulur”, - Mikayılov qeyd edib. **
X.Nəsirzadə