Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakı ilə İrəvan arasında münasibətlərin normallaşması prosesi çərçivəsində Ermənistanı öz öhdəliklərindən yayınmaq cəhdində ittiham edib.
“Ermənistan revanşist təfəkkürlə idarə olunur və normallaşma prosesində öz öhdəliklərindən yayınmağa çalışır, etnik nifrəti fəal şəkildə təbliğ edir, faktları təhrif edir, etnik erməniləri manipulyasiya edir və uydurma hekayələrlə beynəlxalq ictimaiyyəti çaşdırır”, - Bayramov çərşənbə günü Cenevrədə BMT İnsan Haqları Şurasının 54-cü sessiyasında çıxışı zamanı bəyan edib.
“İnterfaks-Azərbaycan” xəbər verir ki, nazirin sözlərinə görə, “Ermənistanın siyasəti Qarabağ ermənilərinin Azərbaycan cəmiyyətinə rahat reinteqrasiyasına mane olmağa yönəlib”. Bayramov qeyd edib ki, Azərbaycan hökuməti isə, bunun əksinə olaraq, qeyd olunan reinteqrasiya prosesinə sadiqdir. “Azərbaycan öz Konstitusiyasında və iştirakçısı olduğu beynəlxalq mexanizmlərdə təsbit olunmuş bütün müvafiq hüquq və azadlıqları qorumağa borcludur”, - nazir vurğulayıb.
O, dövlətlərin daxili işlərinə müdaxilənin qəbuledilməz olduğuna diqqət çəkib və bəyan edib ki, “istənilən belə cəhd beynəlxalq birlik tərəfindən pislənilməli və qətiyyətlə rədd edilməlidir”.
“İndiki kritik məqamda Azərbaycan beynəlxalq birliyin Ermənistanı məsuliyyətsiz davranışdan, təcavüzkar siyasətdən əl çəkməyə və öhdəliklərini yerinə yetirməyə çağırmaqla bağlı üzərinə böyük məsuliyyət götürəcəyini gözləyir”, - Bayramov bildirib.
XİN başçısı vurğulayıb ki, Bakı BMT-nin, xüsusilə İnsan Hüquqları üzrə Ali komissarın «əvvəllər Ermənistandakı doğma yurdlarından qovulmuş» (20-ci əsrin 80-ci illərinin sonlarında - İF) azərbaycanlıların hüquqları məsələlərinə diqqət yetirəcəklərini gözləyir və İrəvanın «insan hüquqları sahəsində ciddi nöqsanlara görə» məsuliyyətə cəlb olunmasının vacibliyini vurğulayıb. **
R.Kərimov