11-13 sentyabr 2023-cü il tarixində Aşqabad şəhərində (Türkmənistan) Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupun (YSİQ) altıncı iclasının iştirakçıları növbəti iclasın Azərbaycanda keçirilməsinə dair razılığa gəliblər. Bu barədə çərşənbə günü Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.
“Növbəti YSİQ iclası Azərbaycanda baş tutacaq”, - XİN-in məlumatında deyilir.
Nazirlikdən bildirilib ki, iclasda beş Xəzəryanı dövlətin – Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistanın nümayəndə heyətləri iştirak edib.
XİN-dən qeyd olunur ki, tərəflər Xəzər dənizində düz çıxış xətlərinin müəyyən edilməsinin metodikası üzrə Saziş layihəsinin müddəalarını müzakirə edib, habelə layihənin bir sıra müddəalarınırazılaşdırıblar. Sözügedən sənədin müzakirəsi YSİQ-in növbəti iclasında davam etdiriləcək.
Vurğulanıb ki, iclas zamanı həmçinin Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin görüşünə hazırlıq məsələləri müzakirə edilib.
“Nümayəndə heyətləri danışıqların nəticələrini müsbət qiymətləndirib və görüşün yüksək səviyyədə təşkil edilməsinə görə Türkmənistana minnətdarlıqlarını bildiriblər”, - XİN-dən əlavə olunub. **
R.Kərimov