Cənubi Qafqazda sülhün və sabitliyin əsas şərti Ermənistanın Azərbaycana qarşı ərazi iddialarından sözdə və əməldə əl çəkməsidir. Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə deyib.
“Bölgədə sülhün və sabitliyin əsas şərti Ermənistanın Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı sözdə və əməldə iddialardan əl çəkməsi, bütün erməni silahlı qüvvələrini ərazilərimizdən çıxarması, revanşist siyasətə və əməllərə son qoymaqdır”, - deyə A.Hacızadənin Ermənistan XİN-in 13 sentyabr tarixli bəyanatına dair şərhində bildirilib.
Onun sözlərinə görə, ötən ilin sentyabr ayında, eləcə də 2021-ci ilin may və noyabr aylarında Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə qarşı törədilmiş növbəti təxribatlara cavab olaraq ölkəmizin gördüyü tədbirlərin nəticələrini Ermənistan ərazilərinin işğalı kimi təqdim edilməsi Ermənistan tərəfinin siyasi avantürasının tərkib hissəsidir.
A.Hacızadə qeyd edib ki, Azərbaycana məxsus 8 kəndi təhvil verməyən, üçtərəfli Bəyanata zidd olaraq, erməni silahlı qüvvələrini ərazilərimizdən hələ də çıxarmayan Ermənistan reallıqları təhrif edir.
“Azərbaycanın Qarabağ bölgəsinə istinadlarında ölkəmizin suverenliyini və ərazi bütövlüyünü şübhə altına alan Ermənistan tərəfinin bölgədə qüvvə toplamasını ört-basdır etməsi və hər an törədə biləcəyi təxribat səylərindən fikir yayındırmaq cəhdləri ciddi təhdid mənbəyidir”, - deyə o vurğulayıb.*
R.Əhmədov