2023-cü ilin yanvar-avqust aylarında Azərbaycanda 8 milyard 397,2 milyon manat dəyərində kənd təsərrüfatı məhsulları istehsal edilib ki, bu da 2022-ci ilin müvafiq dövrünün göstəricisindən 3,3% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib.
Hesabat dövründə 3 milyard 905,2 milyon manat məbləğində heyvandarlıq, 4 milyard 492 milyon manat məbləğində bitkiçilik məhsulları istehsal edilib. Heyvandarlıq məhsullarının istehsal həcmi 3,4%, bitkiçilik məhsullarının istehsal həcmi 3,2% artıb.
Yanvar-avqust aylarında respublikada 375,4 min ton ət (artım 3,1%), 1 milyon 482 min ton süd (artım 1,7%), 1 milyard 481,2 milyon ədəd yumurta (artım 11,9%), 14,8 min ton yun (azalma 3%) və 357 ton barama (artım 4,6%) istehsal edilib.
DSK-nın məlumatına görə, hazırda ölkədə kənd təsərrüfatı məhsullarının yığımı davam edir.
Bu ilin sentyabr ayının 1-nə kimi qarğıdalı da daxil olmaqla tarlalardan 3 milyon 700 ton və ya keçən ilin müvafiq dövrünə nisbətən 2,1% çox dənli və dənli-paxlalı bitkilər, 868,5 min ton (0,5% çox) kartof, 1 milyon 486,8 min ton (3,1% çox) tərəvəz, 430,9 min ton (5,4% az) bostan məhsulları, 494,9 min ton (3,3% çox) meyvə və giləmeyvə, 73,6 min ton (əvvəlki ilin müvafiq dövrü ilə eyni səviyyədə) üzüm, 22,4 min ton (0,3% çox) günəbaxan, 9 min ton (30% çox) şəkər çuğunduru, 2,1 min ton (21,5% az) tütün, 885,4 ton (16,4% çox) yaşıl çay yarpağı, 140,5 ton (artım və ya azalma ilə bağlı məlumat təqdim olunmayıb) pambıq yığılıb.
2022-ci ildə Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsal həcmi 10 milyard 984,2 milyon manat (2021-ci illə müqayisədə artım 3,4%) təşkil edib.*
X.Nəsirzadə