Moskva, Sverdlovsk, Ryazan, Kalininqrad, Kursk, Leninqrad vilayətləri, eləcə də Krasnodar və Stavropol diyarlarında yerləşən heyvandarlıq məhsullarının istehsalı üzrə daha 13 müəssisə Azərbaycana ixrac tədarükü hüququnu təsdiqləyib.
“İnterfaks-Azərbaycan” agentliyi “Rosselxoznadzor”un materiallarına istinadən bildirir ki, qərar Azərbaycan Milli Qida Təhlükəsizliyi İnstitutunun mütəxəssislərinin əyani və videoformatda apardıqları yoxlamaların nəticələri əsasında qəbul edilib.
“Hazırda Azərbaycan tərəfi əvvəllər öz məhsullarını respublikaya tədarük edən Rusiyanın 40-dan çox müəssisəsində videoyoxlamalar aparmağı planlaşdırır”, - deyə məlumatda vurğulanır.
“Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının 523 saylı Qanununun qüvvəyə minməsi ilə əlaqədar Azərbaycanın səlahiyyətli idarəsinin mütəxəssisləri tərəfindən müayinə edilmədən əvvəllər sertifikatlaşdırılmış müəssisələrdən məhsulların ixracına 2023-cü il dekabrın 31-dək icazə verilib.
Eyni zamanda, yoxlamadan keçmiş, lakin Azərbaycan Milli Qida Təhlükəsizliyi İnstitutu ilə müqavilə bağlamayan və ya onun şərtlərini yerinə yetirməyən müəssisələr bütün tələblər yerinə yetirilənə qədər göstərilən tarixdən əvvəl ixrac tədarükündə məhdudlaşdırıla bilər.
“Rosselxoznadzor” yoxlamalardan keçməyin zəruriliyi və institut tərəfindən bu cür yoxlamaların ödənişli əsaslarla aparılması barədə məlumatları dəfələrlə müəssisələrin diqqətinə çatdırıb.
Azərbaycan qanunvericiliyinə uyğun olaraq ödənişi ixracatçının özü və ya şirkətin Azərbaycan Respublikasındakı idxalçısı həyata keçirə bilər.*
R.Əhmədov