2023-cü ilin yanvar-avqust aylarında “Şahdəniz” yatağından hasil edilən qazın ixrac həcmi 14 milyard 589,9 milyon kubmetr təşkil edib ki, bu da 2022-ci ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 8,4% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
8 ay ərzində magistral qaz kəmərləri ilə nəql edilən qazın 53,8%-i “Şahdəniz” yatağından hasil edilən qazın payına düşüb.
Bütövlükdə, 2023-cü ilin yanvar-avqust aylarında Azərbaycanın magistral qaz kəmərləri ilə 27 milyard 109,8 milyon kubmetr qaz (artım 6,2%) nəql edilib.
2022-ci ildə “Şahdəniz” yatağından hasil edilən qazın ixrac həcmi 20 milyard 803,7 milyon kubmetr (artım 18,1%) təşkil edib.
Hazırda “Şahdəniz” yatağından hasil edilən qaz Gürcüstan, Türkiyə və Avropaya (İtaliya, Yunanıstan, Bolqarıstan və Rumıniyaya) ixrac olunur.
“Şahdəniz” yatağının işlənməsi haqqında müqavilə 1996-cı il iyunun 4-də Bakıda imzalanıb və elə həmin il oktyabrın 17-də Milli Məclisdə ratifikasiya edilib. “Şahdəniz” layihəsinin iştirakçıları bp (operator – 29,99%), “Cənub Qaz Dəhlizi” QSC (21,02%), LUKOIL (19,99%), TPAO (19%) və NICO (10%) şirkətləridir.
“Şahdəniz” yatağından qaz hasilatına 2006-cı ilin dekabr ayında başlanılıb.*
N.Abbasova