Sentyabrın 14-də Düşənbədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon ilə görüşü olub.
“İnterfaks-Azərbaycan” agentliyinin daha əvvəl verdiyi məlumata görə, Əliyev Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşündə fəxri qonaq qismində iştirak etmək üçün sentyabrın 14-də Tacikistana səfərə gəlib.
“Görüşdə Əliyev və Rəhmon Azərbaycanla Tacikistan arasında ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə ediblər”, - deyə Tacikistan Prezidentinin mətbuat xidmətindən bildirilib.
Rəhmon Əliyevin tədbirdə iştirakının iki ölkə arasında münasibətlərin inkişaf amili olacağına əminlik ifadə edib.
“Görüşdə tərəflər Azərbaycan Prezidentinin bu ilin may ayında Tacikistana dövlət səfəri zamanı əldə edilmiş razılaşmaların həyata keçirilməsi, prioritet sahələrdə, o cümlədən iqtisadi-ticarət, mədəni-humanitar və digər qarşılıqlı faydalı sahələrdə əlaqələrin möhkəmləndirilməsi məsələlərinə diqqət yetiriblər”, - deyə məlumatda vurğulanır.
Görüş zamanı, həmçinin regional və beynəlxalq gündəliyə dair məsələlər də müzakirə olunub.*
R.Əhmədov