2023-cü ilin yanvar-iyul aylarında Azərbaycan əhalisinin sayı 30 min 261 nəfər və ya 0,3% artaraq 2023-cü il avqustun 1-nə 10 milyon 157,406 min nəfər təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Əhalinin 54,6%-i şəhər, 45,4%-i isə kənd sakinləridir. Əhalinin 49,8%-ni kişilər, 50,2%-ni qadınlar təşkil edir.
Yanvar-iyul aylarında ölkə üzrə 64 min 627 doğulan körpə qeydə alınıb ki, bu da bir il əvvəllə müqayisədə 9,6% azdır və əhalinin hər 1000 nəfərinə bu göstərici 11 təşkil edib. Doğulan uşaqlar arasında oğlanların xüsusi çəkisi 53,2%, qızların xüsusi çəkisi isə 46,8% olub. Körpələrin 1,972 mini əkiz, 93-ü üçəm, 4-ü isə dördəm olub.
Bu dövrdə 35,142 min ölüm halı qeydə alınıb və əhalinin hər 1000 nəfərinə ölənlərin sayı 6 (2022-ci ilin yanvar-iyul aylarında 6,3 - İF) təşkil edib.
Cari ilin yanvar-iyul aylarında ölkədə qeydiyyat şöbələri tərəfindən 29,191 min nikah (2022-ci ilin yanvar-iyul ayları ilə müqayisədə azalma 18,1%) və 12,61 min boşanma halı (artım 42,3%) qeydə alınıb.*
X.Nəsirzadə