“Qarabağ İqtisadi Rayonunda Bərpa,Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxs Ağdam rayonunun Kəngərli kəndində fərdi evlərin tikintisinə 42,5 milyon manat yönəldəcək.
“İnterfaks-Azərbaycan” agentliyi xəbər verir ki, Qarabağ İqtisadi Rayonunda Bərpa,Tikinti və İdarəetmə Xidməti “Şəms-95” MMC ilə 42 milyon 491 min 850,28 manat məbləğində müvafiq müqavilə bağlayıb.
Müqavilə Kəngərli kəndində 2, 3, 4 və 5 otaqlı fərdi evlərin tikintisini nəzərdə tutur.
Tikinti işləri 2024-cü il iyunun 30-na qədər tamamlanmalıdır.
Xəbər verildiyi kimi, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 2022-ci il oktyabrın 4-də Ağdam rayonunun Kəngərli kəndinin təməlqoyma mərasimində iştirak ediblər.
Ağdam şəhərindən 6 kilometr məsafədə yerləşən Kəngərli kəndində 2626 nəfərin (639 ailə) məskunlaşması planlaşdırılıb.
Layihələndirilən ümumi ərazi 177,2 hektardır. Burada məskunlaşacaq əhalinin sayı nəzərə alınaraq, yaşayış məhəllələrinin salınmasının birinci mərhələsi üçün 66,2 hektar torpaq sahəsinin ayrılması nəzərdə tutulur. Birinci mərhələdə 1279 nəfərin köçürülməsi üçün 290 fərdi evin inşa edilməsi planlaşdırılır.
Kənddə tikinti işlərinin 2024-cü ildə tamamlanması nəzərdə tutulur.*
N.Abbasova