Azərbaycan və Rusiyanın baş prokurorları Kamran Əliyev və İqor Krasnov Bakıda görüş keçiriblər.
Görüş zamanı Krasnov Azərbaycanın MDB ölkələrinin Korrupsiyaya qarşı Mübarizə üzrə Dövlətlərarası Şurasına qoşulması mövzusuna toxunub.
“(Şuranın) sədri olaraq onun genişləndirilməsində maraqlıyam, sizin Şuraya qoşulmağınızla bağlı təklifim qüvvədə qalır”, - deyə o bildirib.
RF baş prokuroru Azərbaycan Prokurorluğunun korrupsiyaya qarşı mübarizə təcrübəsinin Dövlətlərarası Şuranın fəaliyyətinə sanballı töhfə verəcəyinə əminliyini ifadə edib.
Öz növbəsində, K.Əliyev bildirib ki, Azərbaycan korrupsiyaya qarşı mübarizə məsələlərində bütün təşəbbüslərə qoşulur.
Rusiya Baş Prokurorluğunun mətbuat xidmətindən xatırladıblar ki, tərəflər əvvəllər bu təklifi müzakirə ediblər.
Krasnov, həmçinin Əliyevə Azərbaycanın prokurorluq işçilərinin yeni təhsil layihələrində iştirak etməsi məsələsini nəzərdən keçirməyi təklif edib.
“Hazırda Əlaqələndirmə Şurasının qərarına uyğun olaraq Rusiya Prokurorluq Universitetində qanunsuz miqrasiya və müasir informasiya texnologiyalarından qanunsuz istifadə problemləri ilə bağlı araşdırmalar aparılır”, - deyə Rusiyanın baş prokuroru bildirib.*