İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) 2023-cü ilin yanvar-avqust aylarında məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmaları artırıb.
“İnterfaks-Azərbaycan” agentliyi DVX-yə istinadən xəbər verir ki, 2023-cü ilin yanvar-avqust aylarında məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 3 milyard manata yaxın olub. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 14,4% və ya 425,8 milyon manat artıb. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar isə ötən ilin eyni dövrünə nisbətən 15,6% artaraq 2 milyard 179,8 milyon manat təşkil edib.
İşsizlikdən sığorta haqları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 15,4% artaraq 119,1 milyon manatdan çox olub. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 15,5% artıb və 87,9 milyon manat təşkil edib.
İcbari tibbi sığorta haqları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 16,2% artaraq 609,7 milyon manat olub. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 18,2% artıb və 428,1 milyon manat təşkil edib.**
X.Nəsirzadə