2023-cü ilin yanvar-avqust aylarında Azərbaycan və Rusiya arasında ticarət dövriyyəsi $2 milyard 786 milyon 710,64 min təşkil edib ki, bu da 2022-ci ilin müvafiq dövrünün göstəricisindən 26,8% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
Bu dövrdə Azərbaycanın bütün xarici ticarət dövriyyəsinin 7,85%-i Rusiya ilə ticarət əməliyyatlarının payına düşüb və RF Azərbaycanın üçüncü xarici ticarət tərəfdaşı olub.
Azərbaycandan Rusiyaya $794 milyon 478,5 min dəyərində (artım 46,1%) məhsul ixrac edilib. Bütövlükdə Azərbaycandan ixracın 3,26%-i Rusiyanın payına düşüb (RF Azərbaycanın əsas ixrac istiqamətləri üzrə 5-ci yerdədir).
Hesabat aylarında Rusiyadan Azərbaycana $1 milyard 992 milyon 232,14 min dəyərində (artım 20,5%) məhsul idxal edilib. Azərbaycana idxalın ümumi həcmində 17,87% Rusiyadan idxalın payına düşüb (RF Azərbaycana №1 idxalçıdır).
Beləliklə, bu dövrdə RF ilə idxal-ixrac münasibətlərində Azərbaycanın mənfi saldosu $1 milyard 197 milyon 753,64 min təşkil edib.
Xəbər verildiyi kimi, 2022-ci ilin yekunları üzrə Azərbaycan və Rusiya arasında ticarət dövriyyəsi $3 milyard 710 milyon 239,41 min təşkil edib ki, bu da 2021-ci ilin göstəricisindən 23,9% çoxdur.**
X.Nəsirzadə