“Fitch Ratings” beynəlxalq reytinq agentliyi Azərbaycanın xarici valyutada uzunmüddətli emitent defolt reytinqini (EDR) “BB+” səviyyəsində təsdiqləyib.
“İnterfaks-Azərbaycan” agentliyi “Fitch”in məlumatına istinadən xəbər verir ki, reytinq proqnozu “müsbət” olaraq təsdiqlənib.
“Fitch”in qiymətləndirmələrinə görə, reytinq Azərbaycanın çox güclü xarici balansı, aşağı dövlət borcu və suveren rifah fondunun iri aktivləri hesabına yüksək maliyyə çevikliyi ilə dəstəklənir.
Agentlik ölkə iqtisadiyyatının karbohidrogen sektorundan yüksək asılılığının davam etdiyini; bank sisteminin dollarlaşma səviyyəsinin yüksək olduğunu; iqtisadi siyasətin proqnozlaşdırılma səviyyəsinin qənaətbəxş olmamasını qeyd edir.
“Müsbət” proqnoz enerji daşıyıcılarının yüksək qiymətləri ilə əlaqədar xarici və fiskal rezervlərin güclənməsini, həmçinin xərclərin daha çox məhdudlaşmasını əks etdirir.
“Fitch”in qiymətləndirmələrinə görə, yüksək neft və qaz qiymətləri Azərbaycanın suveren balansını daha da gücləndirir. “2023-cü ildə cari əməliyyatlar hesabının profisiti ÜDM-i 19%-dək enəcək, lakin “BB” kateqoriyasında ən yüksək olaraq qalacaq. Biz gözləyirik ki, 2024-2025-ci illərdə profisit ikirəqəmli göstəricilərlə ifadə olunacaq, 2022-ci illə müqayisədə nüeft qiymətlərinin bir qədər ucuzlaşmasına baxmayaraq (neft və qaz gəlirləri ümumi ixracın 90%-ni təşkil edir). Buna görə biz 2023-cü ildə suveren valyuta aktivlərinin 68 milyard ABŞ dollarına qədər artacağını proqnozlaşdırırıq. Bunun da 82%-i ARDNF-in payına düşəcək. Bu isə energetikadan hələ də yüksək gəlirləri və investisiya portfelinin bərpasını əks etdirir. Azərbaycanın xalis suveren aktivlərinin 2023-cü ildə 14 f.b artaraq ÜDM-in 63%-ə, 2025-ci ilə qədər isə 72%-ə çatacağını proqnozlaşdırırıq, bu da eyni qrup ölkələr arasında ən yüksək göstəricidir”, - agentlik vurğulayır.
Fitch proqnozlaşdırır ki, 2023-cü ildə Azərbaycanın ümumi dövlət borcu ÜDM-in 21,4%-dək artacaq, bu da eyni qrup ölkələr arasında ən aşağı göstəricidir. Həmçinin, agentlik qeyd edir ki, 2023-cü ilin birinci yarısında ölkənin xarici borcu $6,4 milyarddan $6,2 milyarda qədər (ÜDM-in 6,3%-i) azalıb.
Fitch Azərbaycanın bank sektorunun göstəricilərinin stabil yaxşılaşdığını qeyd edir. Bununla yanaşı, agentlik hesab edir ki, Azərbaycanın bank sektoru zəif qalır, bunu Fitch qiymətləndirmə indikatoru üzrə «b» reytinqi sübut edir.
Xidmət göstərilməyən kreditlər 2023-cü ilin iyul ayında 3,5% (2022-ci ilin sonunda 3,8%) təşkil edir ki, bu da kreditləşmənin güclü artımı ilə əlaqədar olub. birinci dərəcəli kapitalın adekvatlıq əmsalı 17,3% təşkil edir, iyulda əmanətlər və depozitlər üzrə dollarlaşma səviyyəsi 2020-ci ilin birinci yarısındakı 60,4%-dən 42%-dək azalıb. Sektor mənfəətli qalır, xarici valyutada kreditlərin payı 2022-ci ilin birinci yarısının sonuna 35%-dən 19%-dək azalıb.
Fitch hesab edir ki, Ermənistanla münaqişə ilə bağlı geosiyasi risklər yüksək olaraq qalır, çünki 2020-ci il müharibəsindən sonra vaxtaşırı hərbi toqquşmalar baş verir. "ABŞ və Aİ sülh danışıqlarını dəstəklədilər, lakin siyasi həll əldə olunmadı. Laçın yolu ətrafındakı vəziyyət Ermənistanla mübahisələr kəskinləşdirdi. Bu yaxınlarda Azərbaycan və Ermənistan öz sərhədləri yaxınlığında qoşunların artırılması barədə məlumat veriblər. Fitch hesab edir ki, Ermənistanla hərbi münaqişə halında hərbi əməliyyatlar əsasən məhdudlaşdırılacaq (Qarabağ bölgəsi ilə - İF), Azərbaycan üçün daha geniş makroiqtisadi nəticələr məhdudlaşdırılacaq", - agentlik vurğulayır.
Agentliyin qiymətləndirmələrinə görə, enerji daşıyıcılarının ucuzlaşması, iqtisadi siyasətin dəyişməsi Azərbaycanın kredit reytinqlərinin aşağı düşməsinə gətirib çıxara biləcək amillərdir.
Eyni zamanda, xarici balansın daha da güclənməsi – məsələn, enerji daşıyıcılarının yüksək qiyməti səbəbindən – Azərbaycanın iqtisadi siyasətinin səmərəliliyi və proqnozlaşdırılma qabiliyyəti ölkənin kredit reytinqinin yüksəlməsinə səbəb ola biləcək amillərdir.**
A.Əzizov