Ermənistan üç əsas məqamı yerinə yetirdiyi halda Bakı və İrəvan arasında 2023-cü ilin sonuna qədər sülh sazişi imzalana bilər. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə bəyan edib.
"Bu ilin sonuna qədər sazişin imzalanma ehtimalına toxunarkən, deyə bilərəm ki, hər şey mümkündür, əgər Ermənistan: Azərbaycanın ərazi bütövlüyü və suverenliyini tanıyarsa; Qarabağdan silahlı dəstələri çıxararsa; Azərbaycan ərazisində separatçı rejimi dəstəkləməkdən əl çəkərsə. Bu Ermənistanın maraqlarına uyğun olacaq. Normallaşma prosesinə təşəbbüs göstərən ölkə olaraq Azərbaycan bu prosesə sadiqdir. Ümid edirik ki, bu istiqamətdə Ermənistan tərəfi də səy göstərəcək", - Hacızadə “Caliber" portalına müsahibəsində bildirib.
Hacızadə mövcud vəziyyəti qeyri-sabit kimi xarakterizə edib. "Əsas məqam - hər gün Azərbaycan Ordusuna qarşı hərbi təxribatlar törədən erməni silahlı qüvvələrinin Azərbaycan ərazisində olmasıdır. Eyni zamanda, şərti sərhəddə erməni qüvvələrinin cəmlənməsi qeyri-sabitliyi açıq şəkildə gücləndirir. Bu, təxribatdır", - o qeyd edib.
Hacızadənin sözlərinə görə, Azərbaycanın bəzi qoşunları müəyyən ərazilərə köçürdüyü iddiaları səhvdir. "Birincisi, Azərbaycan öz suveren ərazisində qoşunlarını hərəkət etdirmək hüququna malikdir. Lakin eyni zamanda, Azərbaycanın Ermənistan tərəfindən uzun müddət sərhəddə təcavüzlə üzləşdiyini nəzərə alsaq, ölkəmiz öz sərhədlərinin qorunmasını təmin etməlidir", - o hesab edir.
Bütövlükdə, Hacızadə hesab edir ki, Azərbaycan və Ermənistan arasında normallaşma prosesi üçün ən əsas təhdidlərdən biri Qarabağda erməni silahlı qüvvələrinin olmasıdır.
"Vurğulayım ki, Qarabağda erməni silahlı qüvvələrinin. 10 noyabr 2020-ci il tarixli Üçtərəfli bəyanatda deyilir ki, Rusiya sülhməramlı kontingentinin daxil olması ilə paralel olaraq erməni qoşunları çıxarılmalıdır. Lakin bu yerinə yetirilmədi. Orada yalnız Ermənistan Silahlı Qüvvələri haqqında deyil, Azərbaycan ərazisində yerləşən bütün erməni silahlı qüvvələri barədə söz açılır. Lakin eyni zamanda BMT Təhlükəsizlik Şurasının 1993-cü il qətnaməsi erməni qoşunlarının Azərbaycan ərazisindən dərhal çıxarılmasını tələb edir. Və bu qətnamə Qarabağın Azərbaycanın regionu olduğunu etirafıdır. Bu şərt hələ də yerinə yetirilməyib. Bu, normallaşma prosesində çox vacib bənddir. Onsuz sülh sazişi mümkün olmayacaq. Onsuz Azərbaycanın ərazi bütövlüyünün tanınması barədə istənilən bəyanat sadəcə sözdür", - Azərbaycan XİN-in nümayəndəsi əlavə edib. **
A.Əzizov