Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir-Abdullahian arasında telefon danışığı baş tutub.
Azərbaycan XİN-in məlumatına əsasən, nazirlər ikitərəfli və regional gündəlikdə duran məsələləri, eləcə də post-münaqişə dövründə cari regional vəziyyəti müzakirə ediblər.
“Telefon danışığı zamanı, Azərbaycan-İran iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədrləri arasında keçirilmiş son görüşlərdən irəli gələn məsələlər və atılacaq növbəti addımlar nəzərdən keçirilib”, - məlumatda deyilir.
Bayramov Azərbaycan tərəfindən irəli sürülmüş sülh təkliflərinə, bölgədə münasibətlərin normallaşmasına xidmət edən təşəbbüslərə baxmayaraq, Ermənistan rəhbərliyinin Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı davam etdirdiyi hərbi-siyasi təxribatların bu səylərə zərbə vurduğunu diqqətə çatdırıb.
Azərbaycan XİN başçısı Ermənistanın baş naziri Nikol Paşinyanın 2 sentyabr tarixində qondarma rejimə ünvanladığı təbrikin onun tərəfindən Qarabağ bölgəsi daxil Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin dəstəklənməsi barədə bəyanatlarla tam ziddiyyət təşkil etdiyini vurğulayıb. Bununla yanaşı, Ermənistanın yaratdığı qondarma rejimin“seçki” adı altında qanunsuz fəaliyyətinin pislənməsinin əhəmiyyəti qeyd edilib.
“Bölgədə ən böyük təhdi 10 mindən yuxarı erməni silahlı qüvvələrinin olmasıdır, onların ərazilərimizdən çıxarılması və tərksilah edilməsi zəruridir”, - Bayramov vurğulayıb.
Tərəflər həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar. **
V.Əliyev