Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Qarabağda yaşayan erməniəsilli şəxslərə yüklərin çatdırılması üçün Ağdam və Laçın yollarından paralel istifadə olunduğunu təsdiqləyib.
“Bu gün səhər saat 07:00 radələrində BQXK yük maşınlarının Azərbaycanın Ağdam-Xankəndi və Laçın-Xankəndi yolları ilə eyni vaxtda keçidi təmin edilib. Ağdam-Əsgəran-Xankəndi yolu açıq və funksionaldır və belə olmalıdır! Bu, Azərbaycanın prinsipial, ədalətli, legitim və dönməz mövqeyidir!”, - deyə Hacıyev “X” sosial şəbəkəsində yazıb.
O əlavə edib: “Bütün beynəlxalq ictimaiyyət bir daha şahidi oldu ki, blokada deyilən bir şey yox idi, ancaq Ermənistan və qeyri-qanuni marionet rejimi, lobbi qrupları və bəzi qərbli korrupsioner siyasətçilər və qərəzli KİV tərəfindən xalqı yanıltmaq, manipulyasiya etmək və çaşdırmaq məqsədi ilə humanitar məsələlərin siyasiləşdirilməsi var idi!”.
“Maskalar düşüb, reallıq isə qalıb”! Azərbaycanda boz zonalara yer yoxdur!”, – deyə Hacıyev əlavə edib.
Xəbər verildiyi kimi, Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Qarabağda yaşayan erməniəsilli şəxslər üçün nəzərdə tutulmuş ərzaq və tibbi ləvazimat yükündən ibarət avtomobili hazırda Ağdam-Xankəndi yolundan keçməklə Xankəndi istiqamətində hərəkət edir.
BQXK-nin Bakı nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova bu gün Ağdamda jurnalistlərə açıqlamasında bildirib ki, BQXK Qarabağda yaşayan erməniəsilli şəxslərə un və tibbi ləvazimatlar çatdıracaq.
“Biz çox şadıq ki, qərar verənlər konsensusa gəliblər. Ümid edirik ki, bu, insanlara lazım olan yardımın davamlı surətdə çatdırılmasında dəstək olacaq”, - deyə o vurğulayıb.
Bundan başqa, BQXK-ya məxsus bir yük avtomobili Laçın sərhəd buraxılış məntəqəsindən keçərək Azərbaycan ərazisinə daxil olub və Ağdam-Xankəndi yolu ilə hərəkət edir.
Ötən gün Azərbaycan Xarici İşlər Nazirliyi Qarabağda yaşayan erməniəsilli şəxslərə yüklərin çatdırılması üçün sentyabrın 18-dən Ağdam-Xankəndi və Laçın-Xankəndi yollarından paralel olaraq istifadə ilə bağlı razılığın əldə olunduğunu bildirib. Yüklərin çatdırılması BQXK tərəfindən Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə uyğun olaraq həyata keçiriləcək.*
Xəbərlər şöbəsi