Özbəkistanda Şuşa şəhərinə həsr olunmuş “Azərbaycanın qədim Şuşa şəhəri - Türk dünyasının mədəniyyət paytaxtı” adlı poçt markası buraxılıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyi Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinə istinadən xəbər verir.
“Ozarbayjonning qadimiy Shusha shahri Turkiy dunyoning madaniy poytaxti” adlı poçt markasının buraxılışı layihəsinə Özbəkistanın müvafiq dövlət qurumları dəstək göstərib, markanın Özbəkistan Mərkəzi Poçtu tərəfindən daxili və beynəlxalq dövriyyəyə buraxılması nəzərdə tutulub”, - deyə Mədəniyyət Mərkəzindən bildirilib.
Xüsusi dizaynla hazırlanmış poçt markasının üzərində Şuşa qalası, Azərbaycanın bayrağının təsviri, Qarabağın – Şuşanın füsunkar təbiəti, başını duman almış əzəmətli dağları, bölgəyə, şəhərə dağlar qədər vüqar və şöhrət gətirən dünya şöhrətli mütəfəkkirlər, şairlər, tanınmış Şuşalılar, milli musiqi alətlərimiz (qaval, tar, kaman) kimi milli mədəniyyətimizi əks etdirən ştrixlər, habelə Qarabağın, Şuşanın və qazanılan Zəfərin simvolu olan “Xarıbülbül” çiçəyinin rəsmi öz əksini tapıb.
“Azərbaycanın qədim Şuşa şəhəri – Türk dünyasının mədəniyyət paytaxtı” adlı poçt markası xatirə üçün Özbəkistan və Azərbaycan muzeyləri, hər iki ölkənin dövlət və hökumət nümayəndələrinə göndəriləcək. Poçt markasının Daşkənddə və Bakıda təqdimat mərasimləri də keçiriləcək.*
X.Nəsirzadə