Sosial Tədqiqatlar Mərkəzi (STM) yaxın gələcəkdə Bakı və İrəvan arasında sülh müqaviləsinin imzalanacağına və diplomatik əlaqələrin qurulacağına ictimai inam səviyyəsini öyrənmək məqsədilə vətəndaşlar arasında rəy sorğusu keçirib.
“İnterfaks-Azərbaycan” agentliyi xəbər verir ki, sentyabr ayında keçirilmiş və bu gün STM-in saytında dərc olunmuş sorğunun nəticələrinə əsasən, “Yaxın gələcəkdə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanacağına və diplomatik əlaqələrin qurulacağına inanırsınızmı?” sualına münasibətdə sorğu iştirakçılarının 53,1%-i (tam inanıram 22.1%, əsasən inanıram 31%) bu və ya digər dərəcədə inandığını bildirib.
Sülh müqaviləsinin imzalanacağına və diplomatik əlaqələrin qurulacağına əsasən inanmayanlar 11%, heç inanmadığını bildirənlər 33.1% olub. Respondentlərin 2.8%-i bu suala rəyini ifadə etməkdə çətinlik çəkib.
2022-ci ilin dekabr ayında keçirilən sorğunun nəticələrinə əsasən, respondentlərin 55.7%-i yaxın gələcəkdə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanacağına və diplomatik əlaqələrin qurulacağına bu və ya digər dərəcədə inandığını qeyd edib. Sorğu iştirakçılarının 11%-i sülh müqaviləsinin imzalanacağına əsasən inanmadığını, 29.5%-i heç inanmadığını bildirib, 3,8%-i suala cavab verməkdə çətinlik çəkib.
Ötən ilin sentyabr ayında keçirilən rəy sorğusunda respondentlərin 53,5%-i (tam inanıram 28.3%, əsasən inanıram 25.2%) yaxın gələcəkdə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanacağına və diplomatik əlaqələrin qurulacağına bu və ya digər dərəcədə inamını ifadə etmiş, 6.2%-i əsasən inanmadığını, 36.9%-i heç inanmadığını bildirmiş, 3,4%-i suala cavab verməkdə çətinlik çəkmişdi.
Sorğu sentyabr ayında Azərbaycanın bir sıra bölgələrində telefonla müsahibə formasında və 18 yaşdan yuxarı 390 respondentin iştirakı ilə keçirilib.*
R.Kərimov