Rəsmi Bakı Ermənistanın Azərbaycanın Qarabağ bölgəsində yaratdığı separatçı rejimin nümayəndələri üçün amnistiya şərtlərini açıqlayıb.
Sentyabrın 18-də Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov və xarici işlər nazirinin muavini Fariz Rzayevin iştirakı ilə Xarici İşlər Nazirliyində ölkəmizdə akkreditə olunmuş diplomatik korpus üçün brifinq keçirilib.
“Azərbaycanın suverenliyi və ərazi bütövlüyü istənilən ölkənin suverenliyi qədər vacibdir. Azərbaycan dünyanın istənilən ölkəsi kimi beynəlxalq hüquqda əks edilmiş bütün vasitələrlə öz suverenliyini və ərazi bütövlüyünü müdafiə etmək hüququna malikdir. Bu vacib məqamda Ermənistanı öz təhlükəli yolundan döndərməyə məcbur etmək həmişəkindən daha mühümdür və daha çox tələb olunur”, - deyə XİN-in məlumatında bildirilir.
Bakıda hesab edirlər ki, Ermənistan və onun Azərbaycanın suveren ərazilərində bütün mümkün ideoloji, siyasi, hərbi, maliyyə və digər vasitələrlə qoruyub saxladığı xunta vaxt qazanmağa yönəlmiş köhnə taktikaya arxalanmağın heç bir nəticə verməyəcəyinə dair beynəlxalq ictimaiyyətin vahid və aydın mövqeyi ilə üzləşməlidir.
Bəyanatda qeyd olunur ki, Azərbaycan həll yolunu tapmaqda maraqlıdır və bunu öz vasitəçiliyini təklif edən bütün tərəflərlə səmimi fəaliyyəti ilə sübut edib. Azərbaycanın sülh prosesinə sadiqliyi möhkəmdir və bu mövqe Bakının 2020-ci ilin noyabr ayından etibarən atdığı ardıcıl addımlarla sübut edilib.
“İstisna olmadan bütün hallarda Ermənistan tərəfi müxtəlif bəhanələrlə əldə edilmiş razılıqları pozub. Bunun yeganə səbəbi isə vəziyyəti uzatmaq, gərginliyi artırmaq və sonda normallaşma prosesini pozmaq olub”, - deyə nazirlikdən vurğulanıb.
Bakı İrəvandan hərbi quruculuq fəaliyyətini dayandırmasını, revanşist planlardan əl çəkməsini, Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü pozmağı dayandırmasını və Azərbaycanın Qarabağ bölgəsində separatizm və terrorizmi dəstəkləməkdən əl çəkməsini tələb edir.
“Bununla yanaşı, Azərbaycan Ermənistan silahlı qüvvələrinin şəxsi heyətinin dərhal çıxarılmasını, Ermənistana tabe qondarma rejimin hərbi və qondarma “hökumət” strukturlarının aradan qaldırılmasını və Azərbaycan ərazilərində qanunsuz yerləşdirilmiş Ermənistan silahlı qüvvələrinin tərksilah edilməsini tələb edir. Bu halda, qondarma rejimin “nümayəndə”lərinə amnistiya tətbiq edilə bilər”, - deyə nazirlikdən xəbərdarlıq ediblər.*
X.Nəsirzadə