Ermənistanın baş naziri Nikol Paşinyan bəyan edib ki, bir sıra daxili və xarici qüvvələr Ermənistanın Azərbaycanla hərbi əməliyyatlara cəlb olunmasını arzulayır, o qeyd edib ki, Ermənistanın özündə dövlət çevrilişinə çağırışlar səslənir.
"Diqqətə çatdırıram ki, bir sıra daxili və xarici qüvvələr Ermənistanın Azərbaycanla genişiqyaslı hərbi əməliyyatlara cəlb olunmasını istəyir. Biz bunu görürük. Bu cəhdlər qəbuledilməzdir və biz bu prosesi idarə edəcəyik", - Paşinyan çərşənbə axşamı Ermənistan Təhlükəsizlik Şurasının iclasının yekununda sosial şəbəkələrdə canlı yayımda bildirib.
Onun sözlərinə görə, buna paralel olaraq «Ermənistanda çevriliş həyata keçirməyə çağırışlar səslənir».
«Dövlət bu şəraitdə qanunvericiliyə uyğun olaraq reaksiya verməlidir», - Paşinyan bildirib.
"Mövcud vəziyyətdə biz kəskin, düşüncəsiz hərəkətlər etməməliyik. Təxribatlara boyun əyməməyə, soyuqqanlılığı qorumağa çağırıram. Dövlət quruluşunun tam həcmdə fəaliyyət göstərməsi, sabitliyin olması vacibdir", - Ermənistanın baş naziri qeyd edib. **