Baş Prokurorluğun Mətbuat xidməti məlumatına görə, Ermənistan silahlı qüvvələrinin Şuşa şəhərini (Qarabağ regionu) atəşə tutması nəticəsində mülki vətəndaş həlak olub.
“Sentyabrın 19-da Azərbaycanın Qarabağ bölgəsində Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən Şuşa şəhərinə iri çaplı silahlardan, o cümlədən minaatanlardan atəşə tutularaq törədilən terror hücumu nəticəsində Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin mənzil-kommunal və təmir xidməti mühəndisi, 1967-ci il təvəllüdlü Fərhadov Vidadi Aydın oğlu aldığı xəsarətdən ölüb”, - məlumatda deyilir.
Faktla bağlı Baş Prokurorluq tərəfindən Cinayət Məcəlləsinin 120.2.11, 120.2.12 (terrorçuluqla əlaqədar, milli ədavət və düşmənçilik niyyətilə adam öldürmə) 214.2.1, 214.2.3 (mütəşəkkil dəstə tərəfindən odlu silahdan, partlayıcı maddələrdən və qurğulardan istifadə etməklə terrorçuluq) 279.3-cü (qanunvericliklə nəzərdə tutulmayan silahlı birləşmələr və qrupların tərkibində müəssisələrə, təşkilatlara və ayrı-ayrı şəxslərə basqın etmə ağır nəticələrə səbəb olma) və digər maddələrilə cinayət işi başlanıb.
İbtidai istintaqın aparılması Baş Prokurorluğun istintaq idarəsinə həvalə edilib. **
R.Kərimov