Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borelin Azərbaycan tərəfindən Qarabağ bölgəsində keçirdiyi lokal antiterror xarakterli tədbirlərlə bağlı bəyanatından təəssüf hissi ifadə edib.
“Avropa İttifaqının hazırki hərbi eskalasiyanın səbəblərini, eləcə də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın suveren ərazilərində həm mülki əhaliyə, həm də hərbçilərə qarşı həyata keçirdiyi qanunsuz fəaliyyətə son qoymaq üçün Azərbaycan tərəfindən atılan addımları qəsdən təhrif edən bəyanatı bizi təəssüfləndirdi”, - XİN-in şərhində deyilir.
Qeyd olunub ki, Üçtərəfli Bəyanatın müddəalarına zidd olaraq ərazilərimizi boşaltmayan Ermənistan silahlı qüvvələri tərəfindən törədilə biləcək mümkün irimiqyaslı təxribatların qarşısını almaq üçün Azərbaycan tərəfindən antiterror tədbirləri görülüb.
XİN-də bəyan ediblər ki, “Azərbaycanın suveren ərazilərində beynəlxalq hüquqa zidd olan hər hansı hərbi mövcudluq regional sülhə və təhlükəsizliyə ciddi təhdiddir və Azərbaycanın bugünkü addımları bu qanunsuz qüvvələrin çıxarılmasına və qondarma rejimin buraxılmasına yönəlib”.
“Azərbaycanın bugünkü addımları bu qanunsuz qüvvələrin çıxarılmasına və qondarma rejimin buraxılmasına yönəlib”, - bəyanatda deyilir.
XİN-də əlavə ediblər ki, Azərbaycan dinc erməni sakinlərə hücum etmir və bu barədə istənilən iddia əsassız və qəbuledilməzdir.
“Azərbaycan erməni əsilli sakinlər daxil olmaqla, bütün sakinlərini qorumağa və bütün Azərbaycan ərazisində öz Konstitusiya quruluşunu bərpa etməyə tam sadiqdir”, - XİN-dən vurğulanıb. **
İnformasiya şöbəsi