Asiya İnkişaf Bankı (AİB) 2023-cü ildə Azərbaycanda ÜDM artımını 2,2% səviyyəsində proqnozlaşdırır. Bu barədə bu gün bankın saytında dərc olunmuş “Asian Development Outlook 2023” hesabatının yenilənmiş sayında bildirilib.
“İnterfaks-Azərbaycan” agentliyinin verdiyi xəbərə görə, apreldə AİB cari il üçün Azərbaycanda ÜDM-in artımını 3,5% səviyyəsində gözləyirdi.
AİB-in qiymətləndirmələrinə görə, 2024-cü ildə Azərbaycanda ÜDM 2,6%-dək (aprel proqnozu - 3,8%) artacaq.
Beləliklə, 2023-2024-cü illərdə Azərbaycanda ÜDM-in orta illik artımı 2,4% səviyyəsində proqnozlaşdırılır.
“Ölkədə neft hasilatının azalması iqtisadi artımın 2023-cü ilin 7 ayı ərzində 0,7%-ə qədər azalmasına səbəb olub. Xüsusilə neft hasilatı 7,7% azalıb, qaz hasilatı isə 3,3% artıb”, - deyə AİB qeyd edir.
AİB bildirir ki, 2023-cü ilin 7 ayı ərzində qeyri neft-qaz sənayesi 11,2%-lik artım nümayiş etdirib. Heyvandarlıq sahəsində daha yüksək dinamika hesabına kənd təsərrüfatı sektorunda artım 3,3% təşkil edib. Tikinti sahəsinə investisiya qoyuluşu 13,2% artıb.
Bank inflyasiya təzyiqlərinin davam etdiyini qeyd edir. “2023-cü ilin 7 ayının yekunları üzrə inflyasiya ərzaq qiymətlərinin 14,3%-dək azalması hesabına 12,2%-ə enib. Eyni zamanda, qeyri-ərzaq malları üzrə orta illik qiymət artımı 11%, xidmətlər üzrə isə 10,4% təşkil edib. Mərkəzi Bank inflyasiya ilə mübarizə aparmaq üçün uçot dərəcəsini üç mərhələdə - yanvar-may aylarında 8,25%-dən 9%-ə qaldırıb.
“AİB 2023-cü ildə Azərbaycanda orta illik inflyasiyanın 10%-dək (2022-ci ildə 13,9% - İF), 2024-cü ildə 8,5%-dək azalacağını proqnozlaşdırır”, - deyə bank qeyd edir.
AİB qeyd edir ki, birinci rübün yekunları üzrə Azərbaycanın tədiyə balansının cari əməliyyatlar hesabının profisiti ÜDM-in 10%-ni təşkil edib, Azərbaycanın strateji valyuta ehtiyatları $64,1 milyard məbləğində qiymətləndirilir.
Azərbaycan hökuməti 2023-cü ildə ÜDM-in 1,8%, 2024-cü ildə 4,1% artacağını, orta illik inflyasiyanı müvafiq olaraq 10,4% və 4,5% səviyyəsində proqnozlaşdırır.
2022-ci ildə Azərbaycanda ÜDM 4,6% artıb.*
A.Əzizov