Azərbaycan Müdafiə Nazirliyi Silahlı Qüvvələrimizin Ağdərə yaşayış məntəqəsini atəşə tutması barədə yayılan məlumatları təkzib edib.
“Ermənistan mətbuatında guya Silahlı Qüvvələrimizin Ağdərə yaşayış məntəqəsini atəşə tutması barədə yayılan məlumatların heç bir real əsası yoxdur, tamamilə yalandır. Qarşı tərəfin yaydığı növbəti dezinformasiya xarakterli məlumatı qəti surətdə təkzib edirik”, - deyə məlumatda bildirilir.
Bundan başqa, Müdafiə Nazirliyi Azərbaycan hərbçilərinin Rusiya sülhməramlı kontingentinin müşayiəti altında hərəkət edən mülki kolonu atəşə tutması barədə yayılan məlumatı dezinformasiya adlandırıb.
“Ermənistanın bəzi sosial media hesablarında guya Silahlı Qüvvələrimiz tərəfindən Laçın yolu ilə Rusiya sülhməramlı kontingentinin müşayiəti altında hərəkət edən mülki kolonun atəşə tutulması barədə yayılan məlumatın heç bir əsası yoxdur və dezinformasiya xarakteri daşıyır. Bu əsassız iddianı qəti surətdə təkzib edirik”, - deyə nazirlikdən qeyd olunub.
Həmçinin bildirilib ki, Azərbaycan tərəfi Qarabağdakı Rusiya sülhməramlı kontingentinin öz funksiyalarını yerinə yetirə bilməsi üçün onunla qarşılıqlı əlaqə saxlayır.*
R.Kərimov