Azərbaycan 2023-cü ilin yanvar-iyul aylarının yekunları üzrə İtaliyaya neftin ən iri tədarükçüsü statusunu qoruyub.
“İnterfaks-Azərbaycan” agentliyinin İtaliyanın Ətraf Mühit və Enerji Təhlükəsizliyi Nazirliyinin məlumatına əsaslanan hesablamalarına görə, yanvar-iyul aylarında Azərbaycan İtaliyaya 6,458 milyon ton neft tədarük edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 12,8% çoxdur.
Hesabat dövründə İtaliyaya neft idxalı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 4,7% azalaraq 34,281 milyon ton təşkil edib.
Yanvar-iyul aylarında İtaliyaya neftin əsas tədarükçülərinin beşliyinə Azərbaycan (6,458 milyon ton: “Azeri Light” – 4,404 milyon ton, “Azeri Blend” – 2,054 milyon ton), Liviya (5,748 milyon ton), İraq (4,386 milyon ton), Qazaxıstan (3,905 milyon ton) və ABŞ (3,765 milyon ton) daxil olub.
Hesabat dövründə Rusiya İtaliyaya neft tədarük etməyib.
2023-cü ilin iyul ayında Azərbaycandan İtaliyaya neft tədarükü illik müqayisədə 39,1% - 1,113 milyon tona qədər artıb.
İyulda İtaliyaya neftin əsas tədarükçülərinin beşliyinə Liviya (1,207 milyon ton), Azərbaycan (1,113 milyon ton: “Azeri Light” – 519 min ton, “Azeri Blend” – 594 min ton), ABŞ (975 min ton), Qazaxıstan (327 min ton) və Səudiyyə Ərəbistanı (322 min ton) daxil olub.
İyulda İtaliyaya neft idxalı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 17,5% azalaraq 4,954 milyon ton təşkil edib.
Yanvar-iyul aylarında “Azeri Light” markalı neftin bir bareli $85,21-ə (azalma 23,7%), “Azeri Blend” markalı neftin bir bareli $84,28-yə (azalma 28%), Qazaxıstanın “CPC Blend” və “KEBCO” markalı nefti isə müvafiq olaraq $79,33 və $80,88-ə alınıb.
Yanvar-iyul aylarında İtaliya üçün bir barel neftin orta idxal qiyməti $82,11 (azalma 22,4%) təşkil edib. Ən bahalı neft növü “Bu Attifel” ($96,6), ən ucuz neft növü isə “Sarir” ($55,4) olub.
İyulda “Azeri Light” markalı neftin bir bareli $84,68-ə (azalma 32,8%), “Azeri Blend” markalı neftin bir bareli $84,02-yə (azalma 31,7%), Qazaxıstanın “CPC Blend” və “KEBCO” markalı nefti isə müvafiq olaraq $77,2 və $80,82-yə alınıb.
İyulda İtaliya üçün bir barel neftin orta idxal qiyməti $83,7 (azalma 23,2%) təşkil edib. Ən bahalı neft növü “Saharan Blend” ($111,06), ən ucuz neft növü isə “Ratawi” nefti ($71,73) olub.*
R.Kərimov