Azərbaycan Müdafiə Nazirliyi saat 13:00-da Qarabağda lokal xarakterli antiterror tədbirlərinin dayandırılması barədə razılığın əldə olunması ilə bağlı məlumat yayıb.
“Qarabağın erməni sakinlərinin nümayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciətini nəzərə alaraq 2023-cü il sentyabrın 20-də saat 13:00-da lokal xarakterli antiterror tədbirlərinin dayandırılması barədə razılıq əldə olunub”, - deyə nazirlikdən “İnterfaks-Azərbaycan” agentliyinə bildirilib.
Qeyd olunub ki, lokal xarakterli antiterror tədbirləri aşağıdakı şərtlər altında dayandırılıb: Azərbaycan Respublikasının Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyur, döyüş mövqelərindən və hərbi postlardan çıxır və tam şəkildə tərksilah olunurlar. Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərini tərk edir, qeyri-qanuni erməni silahlı dəstələri buraxılır; paralel şəkildə bütün silah-sursat və ağır texnika təhvil verilir.
Yuxarıda qeyd olunan proseslərin Rusiya sülhməramlı kontingenti ilə əlaqələndirilmiş şəkildə həyata keçirilməsi təmin edilir.*
R.Kərimov