Kreml Moskvanın Qarabağla bağlı öhdəliklərini yerinə yetirməməsinə dair İrəvanın səsləndirdiyi ittihamları əsassız adlandırıb.
“Ünvanımıza səsləndirilən bu cür ittihamlar tamamilə əsassızdır”, - deyə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
O qeyd edib ki, birincisi, Kreml Qarabağdakı vəziyyətlə bağlı RF, Ermənistan və Azərbaycan arasında 2021-2022-ci illərdə əldə olunmuş üçtərəfli razılaşmalara əsaslanır.
“İkinci ən mühüm amil baş nazir Nikol Paşinyanın Azərbaycanın ərazi bütövlüyünü 1991-ci il sərhədləri daxilində tanıdıqlarını bəyan etməsidir. Bu o deməkdir ki, Ermənistan tərəfi Qarabağı Azərbaycan ərazisinin bir hissəsi kimi tanıdı. Bu, bir sıra müddəaları əsaslı surətdə dəyişdi və bizə qarşı səsləndirilən bu cür qınaqları qəbul etmirik”, - deyə Kremlin nümayəndəsi vurğulayıb.
Onun sözlərinə görə, de-yure olaraq söhbət Azərbaycan Respublikasının öz ərazisində həyata keçirdiyi fəaliyyətdən gedir.
Peskov bildirib ki, Moskva Rusiyanın vacib müttəfiqi və tərəfdaşı olaraq qalan Ermənistanla təmasları davam etdirir. Bundan başqa, RF vacib tərəfdaşı olan Azərbaycanla da təmasları davam etdirir.*