Qarabağın erməni sakinlərinin sosial-iqtisadi inteqrasiyası üçün plan hazırdır. Bu sözləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri üçün keçirilən brifinqdə deyib.
“Qarabağın erməni sakinlərinin sosial-iqtisadi inteqrasiyası Azərbaycanın daxili məsələsidir. İnteqrasiya planı artıq hazırdır və bu, müvafiq aidiyyəti qurumlarla birlikdə hazırlanıb”, - deyə Hacıyev bildirib.
Onun sözlərinə görə, Azərbaycan sentyabrın 21-də Yevlaxda keçiriləcək görüşdə Qarabağın erməni sakinləri ilə dialoqa hazırdır.
“İndiki mərhələdə əsas məsələ Qarabağın erməni sakinlərinin reinteqrasiyasıdır. Sabahkı görüşdə bu məsələlərin daha ətraflı müzakirə olunacağını gözləyirik”, - deyə prezidentin köməkçisi əlavə edib.
Hacıyev vurğulayıb ki, Azərbaycan Qarabağ bölgəsindəki Ermənistan silahlı qüvvələrinin qalıqlarının tərksilah edilməsinə zəmanət alıb. “Biz onların tərksilah edilməsinə, döyüş postlarını tərk edəcəklərinə, bütün hərbi avadanlıqların və sursatın, o cümlədən ağır arilleriyanın Azərbaycana veriləcəyinə zəmanət almışıq. Bütün bunlar Rusiya sülhməramlı kontingenti ilə əlaqələndirilmiş şəkildə həyata keçiriləcək”, - deyə o qeyd edib.*
X.Nəsirzadə