Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bakının Ermənistanla sülh müqaviləsi imzalamağa hazır olduğunu təsdiq edib.
“Biz Ermənistanla münasibətlərin normallaşdırılmasının tərəfdarıyıq. Amma müstəqil Azərbaycan Respublikasının ərazisində çoxminlik hərbi qüvvənin olması qəbuledilməz idi”, – deyə o, bu gün Xarici İşlər Nazirliyində Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri üçün keçirilən brifinqdə bildirib.
Hacıyevin sözlərinə görə, Bakı İrəvanla sülh müqaviləsi imzalamağa hazırdır. “Bizim üçün sülh müqaviləsinin müzakirə olunduğu platforma yox, məhz nəyin müzakirə olunduğu maraqlıdır. Prinsip etibarilə sülh müqaviləsinin 70%-i razılaşdırılıb. Biz sülh müqaviləsinin imzalanmasına hazır olduğumuzu bir daha vurğulayırıq”, - deyə prezidentin köməkçisi qeyd edib.
O vurğulayıb ki, Ermənistan son aylarda Azərbaycana qarşı hibrid müharibə aparırdı. “Bir tərəfdən İrəvan Azərbaycanın ərazi bütövlüyünü tanıyır, ancaq diplomatik addımları bunun əksini deyir. Bu məntiq bizə aydın deyil. (…) Biz Ermənistanın Azərbaycana qarşı apardığı hibrid müharibənin elementlərini görürük ki, bu da öz növbəsində, Azərbaycanla münasibətlərin normallaşmasına, eləcə də regionda sülhə gətirib çıxarmır. Bununla belə, biz tərəfdaşlarımızla daim təmasda olaraq Ermənistanla münasibətlərin normallaşmasına ümidvar olduğumuzu ifadə edirik”, - deyə Hacıyev bildirib.*
X.Nəsirzadə