2023-cü ilin yanvar-avqust aylarında Azərbaycan Respublikasına dünyanın 183 ölkəsindən 1 milyon 343,7 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 33,8% çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Gələnlərin 31,7%-i Rusiya Federasiyası, 17,7%-i Türkiyə, 7,5%-i İran, 4,9%-i Hindistan, 4,7%-i Gürcüstan, 4,4%-i Səudiyyə Ərəbistanı, 2,6%-i Qazaxıstan, 2,4%-i Pakistan, 2,1%-i Birləşmiş Ərəb Əmirlikləri, 1,8%-i Özbəkistan, 1,6%-i İsrail, hər birindən 1,5% olmaqla Küveyt və Ukrayna, 1,4%-i Belarus, 1,2%-i Türkmənistan, 1,1%-i Böyük Britaniya, 11,9%-i digər ölkələrin vətəndaşları olub.
Gələnlərin 69,9%-ni kişilər, 30,1%-ni qadınlar təşkil edib.
2022-ci ilin yanvar-avqust ayları ilə müqayisədə MDB ölkələrindən gələnlərin sayı 1,6 dəfə artaraq 549,4 min nəfər, Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 37,8% artaraq 67,6 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 10,2% azalaraq 228,4 min nəfər olub.
Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 71,9%-i hava, 26,7%-i dəmir yolu və avtomobil, 1,4%-i isə dəniz nəqliyyatından istifadə edib.
2022-ci ilin yanvar-avqust ayları ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının ümumi sayı 23% artaraq 1 milyon 209 min nəfər olub. Rusiya Federasiyasına gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı 1,5 dəfə, Gürcüstana gedənlərin sayı 33,6%, Türkiyəyə gedənlərin sayı 13,7% artıb, İrana gedənlərin sayı 20% azalıb.
Ölkə vətəndaşlarının 44,3%-i Türkiyəyə, 21,3%-i Rusiya Federasiyasına, 9,1%-i Gürcüstana, 7,4%-i İrana, 17,9%-i digər ölkələrə səfər edib. Gedənlərin 65,1%-ni kişilər, 34,9%-ni qadınlar təşkil edib.
Xəbər verildiyi kimi, 2022-ci ildə Azərbaycan Respublikasına dünyanın 178 ölkəsindən 1 milyon 602,3 min və ya 2021-ci illə müqayisədə 2 dəfə çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
2022-ci ildə xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının ümumi sayı 1,5 dəfə artaraq 1 milyon 489,5 min nəfər olub.*
X.Nəsirzadə