Nazirlər Kabineti Azərbaycan Respublikasının 2024-cü il üzrə dövlət büdcəsinin layihəsini bəyənib və bu gün sözügedən sənədin, eləcə də büdcə zərfinə daxil edilmiş bütün sənədlərin Prezident İlham Əliyevə təqdim edilməsi ilə bağlı qərar qəbul edib.
“İnterfaks-Azərbaycan” agentliyi xəbər verir ki, mövcud qanunvericiliyə əsasən, hökumət növbəti il üçün dövlət büdcəsi layihəsini sentyabrın 25-nə qədər ölkə prezidentinə təqdim etməlidir. Dövlət başçısı, öz növbəsində, sənədi oktyabrın 15-nə qədər parlamentə təqdim edir.
Daha əvvəl “İnterfaks-Azərbaycan” agentliyinin verdiyi xəbərə görə, 2024-cü il dövlət büdcəsinin gəlirləri 33 milyard 765 milyon manat (2023-cü ilin göstəricisindən 0,4% az), xərcləri 36 milyard 355 milyon manat (-0,7%) məbləğində proqnozlaşdırılır.
Gələn il üçün dövlət büdcəsinin gəlirləri bir barel neftin orta qiyməti $60 olmaqla hesablanıb.
Gəlirlərin strukturunda 16 milyard 756 milyon manatın (49,6%) neft-qaz sektoru, 17 milyard 9 milyon manatın (50,4%) qeyri-neft/qaz sektoru hesabına təmin edilməsi planlaşdırılır.
2023-cü il dövlət büdcəsinin gəlirlərinin strukturunda bu nisbət belədir: 52,3% - neft-qaz sektoru, 47,7% - qeyri-neft/qaz sektoru.
2024-cü ildə Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmalar 13 milyard 865 milyon manat məbləğində (-7,5%) nəzərdə tutulub.
2024-cü ildə Azərbaycan Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertlər 12 milyard 781 milyon manat (+8,9%), Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmalar 5,9 milyard manat (+3%) səviyyəsində nəzərdə tutulub.
Gələn il üçün dövlət büdcəsinin xərclərinin strukturu aşağıdakı kimidir: 22 milyard 622 milyon manat və ya 62,2% - cari xərclər, 11 milyard 760,4 milyon manat və ya 32,3% - əsaslı xərclər, 1 milyard 972,6 milyon manat və ya 5,4% - dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclər.
2024-cü ildə müdafiə və milli təhlükəsizlik sahəsinə 6 milyard 421 milyon manat (bütün xərclərin 17,7%-i); təhsil sahəsinə 4 milyard 549,9 milyon manat; sosial müdafiə və sosial təminat sahəsinə 4 milyard 542,2 milyon manat; ümumi dövlət xidmətləri xərclərinə 4 milyard 814,9 milyon manat; kənd təsərrüfatı sahəsinə 1 milyard 109,9 milyon manat; iqtisadi fəaliyyət sahəsinə 7 milyard 380 milyon manat məbləğində vəsaitin yönəldilməsi planlaşdırılır.
2024-cü ildə dövlət büdcəsinin kəsiri 2 milyard 590 milyon manat və ya ÜDM-in 2,2%-i səviyyəsində proqnozlaşdırılır və aşağıdakı mənbələr hesabına ödəniləcək: 1 milyard 854,4 milyon manat - borclanma; 105 milyon manat – özəlləşmədən daxilolmalar, qalan məbləğ digər mənbələrin payına düşəcək.*
V.Əliyev