İrəvanda, eləcə də Ermənistanın ikinci və üçüncü böyük şəhərləri olan Gümrü və Vanadzorda baş nazir Nikol Paşinyanın istefası tələbi ilə etiraz aksiyaları keçirilir.
Ermənistan mətbuatının yaydığı videokadrlara əsasən, polis tərəfindən aksiya iştirakçılarının sərt şəkildə saxlanılmasına başlanılıb, onlara qarşı güc tətbiq olunur.
Ermənistan polis idarəsindən “İnterfaks”a bildirilib ki, şənbə günü 21 nümayişçi saxlanılıb.
Ermənistan İstintaq Komitəsindən verilən məlumata görə, etiraz aksiyalarının 49 iştirakçısı barəsində cinayət işi açılıb. Onlar kütləvi iğtişaşlarda iştirak etməkdə, kütləvi iğtişaşlara çağırışda, xuliqanlıqda, narkotik vasitələrin qanunsuz dövriyyəsində, soyuq silah gəzdirməkdə və s. ittiham olunurlar.
Azərbaycan Silahlı Qüvvələrinin Qarabağda antiterror tədbirlərinə başladığı sentyabrın 19-dan etibarən Ermənistan müxalifəti baş nazir Nikol Paşinyanın istefası tələbi ilə etiraz aksiyalarına başlayıb. Paşinyanın və onun başçılıq etdiyi hökumətin hakimiyyətdən uzaqlaşdırılması üzrə fəaliyyəti əlaqələndirən milli komitə yaradılıb.
“Daşnaksütyun” partiyasının nümayəndəsi İşxan Saqatelyan bildirib ki, parlamentdəki müxalifət fraksiyası Paşinyana qarşı impiçment prosesinə də təşəbbüs göstərəcək.*
V.Əliyev