Sentyabrın 23-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 78-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində BMT-nin baş katibi Antonio Quterreş ilə görüşüb.
“Bölgədə mövcud vəziyyət, Azərbaycan və Ermənistan arasında normallaşma və sülh gündəliyi barədə məlumat verən Bayramov, eyni zamanda, ötən günlərdə ölkəmiz tərəfindən ərazilərimizdə hələ işğal dövründə BMT TŞ-nin 4 qətnaməsinə zidd olaraq qeyri-qanuni mövcudluğunu davam etdirən, postmünaqişə dövründə Ermənistan tərəfindən saxlanan erməni silahlı qüvvələrinin varlığına son qoyulması ilə nəticələnən lokal antiterror tədbirləri barədə məlumat verib”, - deyə XİN-dən bildirilib.
C.Bayramov hazırda həyata keçirilən erməni silahlı birləşmələrinin tərksilah prosesi barədə məlumat verib, son üç gün ərzində müsadirə edilmiş hərbi texnikanın və silah-sursatın şəkillərini baş katibə təqdim edib.
“Artıq ötən günlərdə Yevlax şəhərində Azərbaycan hökuməti ilə erməni sakinlərin nümayəndəsi arasında görüşün baş tutması, habelə bu görüşün nəticələrinə uyğun olaraq sakinlərin ehtiyaclarının qarşılanması istiqamətində tərəfimizdən addımların atıldığı, humanitar yardımların göstərildiyi bildirilib”, - deyə məlumatda qeyd olunur.
Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.*
V.Əliyev