Ermənistanın müttəfiqləri respublikanın zəifliyini və müstəqil dövlətə malik olmağın qeyri-mümkünlüyünü göstərmək məqsədi güdürlər. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.
“Ermənistan heç vaxt müttəfiqlik öhdəliklərindən imtina etməyib və öz müttəfiqlərinə xəyanət etməyib. Lakin vəziyyətin təhlili göstərir ki, uzun müddət ümid etdiyimiz müttəfiqlər və təhlükəsizlik sistemləri bizim zəifliyimizi və Ermənistan xalqının müstəqil dövlətə malik olmasının qeyri-mümkün olduğunu göstərməyi qarşılarına vəzifə qoyublar”, - deyə Paşinyan videomüraciətində bildirib.
“Ermənistanın aid olduğu xarici təhlükəsizlik sistemləri ölkənin təhlükəsizliyini və dövlət maraqlarını qorumaq üçün səmərəsizdir”, - deyə baş nazir qeyd edib.
“Biz bu siyasətin təzahürlərini son onilliklər ərzində gördük. Biz Ermənistanın müstəqilliyini şübhə altına alan bəyanatlarla razı deyilik. Bəzi tərəfdaşlarımız təhlükəsizlik sahəsində zəifliyimizi göstərmək üçün getdikcə daha çox səy göstərirlər. İndi onlar Ermənistanın həm xarici, həm də daxili təhlükəsizliyini və sabitliyini zərbə altına qoymaqla diplomatik, dövlətlərarası münasibətlər etikasını pozurlar”, - deyə o vurğulayıb.*