Ermənistan regional nəqliyyat kommunikasiyalarının tezliklə açılmasını arzulayır. Bu barədə Ermənistanın ərazilərin idarəedilməsi və infarstruktur naziri Qnel Sanosyan bəyan edib.
"Ermənistan heç bir eksterritorial və ya dəhliz məntiqi ilə heç vaxt razı olmayıb və razılaşmayacaq. Lakin eyni zamanda biz yüksək səviyyədə əldə olunan razılaşmalara sadiqik", - Sanosyan "Armenpress" Ermənisatanın dövlət xəbər agentliyinə bildirib.
Onun sözlərinə görə, Ermənistan və Azərbaycan başçılarının iyulun 15-də Brüsseldə keçirdiyi görüşdə aşağıdakı razılaşmalar təsdiqlənib: Ermənistan və Azərbaycan bir-birinin ərazi bütövlüyünü müvafiq olaraq 29,8 və 86,6 min kv. km sahədə tanıyırlar; Ermənistanla Azərbaycan arasında sərhədin delimitasiyası 1991-ci il Alma-Atı bəyannaməsi əsasında keçiriləcək; regional kommunikasiyalar tərəflərin suverenliyi, yurisdiksiyası və qarşılıqlı əlaqələri prinsipləri əsasında açılmalıdır.
"Bu razılaşmalar açıqdır və Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel tərəfindən görüşün sonunda açıqlanıb. Həmin razılaşmalar çərçivəsində Ermənistan Respublikası nəinki kommunikasiyaların açılmasına hazırdır, həm də bunun mümkün qədər tez baş verməsini istəyir, çünki bu bizim maraqlarımızdan irəli gəlir", - Sanosyan bildirib. **