Azərbaycan prezidenti İlham Əliyev və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bazar ertəsi Naxçıvan Muxtar Respubliasına səfər çərçivəsində “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında Qars-Naxçıvan dəmir yolu layihəsinə dair Niyyət Protokolu”nu imzaladılar.
“Qars-Naxçıvan dəmir yolunun inşasına dair niyyət protokolunun imzalanması tarixi hadisədir. Əminəm ki, bu layihə də uğurla həyata keçiriləcək və beləliklə, Orta Dəhlizin bir qolu kimi həm Azərbaycana, həm Türkiyəyə, həm də digər ölkələrə xidmət göstərəcək”, - Əliyev Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla mətbuata bəyanatında bəyan edib.
Bundan başqa, iki ölkənin liderlərinin iştirakı ilə daha iki sənəd imzalandı. Xüsusilə, “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Türkiyə Respublikasının Kahramanmaraş vilayətində yaşayış binaları, ibtidai məktəb, uşaq bağçası və mədəniyyət mərkəzinin tikilməsi haqqında Əməkdaşlıq Sazişi”ni Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev və Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Mehmet Özhaseki imzaladılar.
Eyni zamanda, “Azərbaycan Respublikasında və Türkiyə Respublikasında bərpa olunan enerji mənbələrindən istehsal olunan elektrik enerjisinin ötürülməsi sahəsində Azərbaycan Respublikasının Energetika Nazirliyi və Türkiyə Respublikasının Energetika və Təbii Sərvətlər Nazirliyi arasında əməkdaşlığa dair Anlaşma Memorandumu”nu Azərbaycanın energetika naziri Pərviz Şahbazov və Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar imzaladılar. **
N.Abbasova