31 avqust 2023-cü il tarixinə Azərbaycanın bank sisteminin ümumi aktivləri 45 milyard 358,7 milyon manat məbləğində qiymətləndirilir. “İnterfaks-Azərbaycan” agentliyinin verdiyi xəbərə görə, bu barədə Mərkəzi Bankın məlumatında deyilir.
Xəbər verildiyi kimi, 31 dekabr 2022-ci il tarixinə bankların aktivləri 47 milyard 54,9 milyon manat məbləğində olub. Beləliklə, yanvar-avqust aylarında bankların aktivləri 3,6% azalıb.
2023-cü ilin iyul ayı ilə müqayisədə avqust ayında bankların aktivləri 1,1% və ya 478,4 milyon manat artıb.
8 ay ərzində bankların Mərkəzi Bankdakı müxbir hesablarında olan vəsaitlərin həcmi 41,2% - 3 milyard 719,3 milyon manata qədər azalıb.
Avqustun sonuna bankların kredit portfeli 21 milyard 814,2 milyon manat (2022-ci ilin sonuna olan göstərici ilə müqayisədə artım 11,3% - İF) təşkil edir.
Bankların ümumi kapitallaşması 5 milyard 884,6 milyon manat (artım 4,7% - İF) təşkil edir.
Bankların öhdəlikləri 39 milyard 474,1 milyon manata (azalma 4,7%) bərabərdir. Bankların Mərkəzi Bank qarşısında öhdəlikləri 107,7 milyon manat məbləğində (azalma 2,1 dəfə) qiymətləndirilir. Banklardakı depozit portfeli 31 milyard 998,7 milyon manat (azalma 5,2%), o cümlədən əhalinin əmanətləri 12 milyard 276 milyon manat (artım 6,9%) təşkil edir.
Tənzimləyicinin məlumatına görə, 2023-cü ilin yanvar-avqust aylarında bankların ümumi xalis mənfəəti 724,2 milyon manat təşkil edib (2022-ci ilin 8 ayı ilə müqayisədə artım 22,9%).
Hesabat dövründə bankların faiz gəlirləri 2 milyard 279,5 milyon manat (artım 32,8%), o cümlədən verilmiş kreditlər üzrə 1 milyard 680,2 milyon manat (artım 19,3%) təşkil edib.
Bankların qeyri-faiz gəlirləri 860,9 milyon manat məbləğində (artım 12,9%) olub.
Bu dövrdə bankların faiz xərcləri 553,7 milyon manat (artım 35,1%), o cümlədən depozitlər üzrə 395,2 milyon manat (artım 38,9%), qeyri-faiz xərcləri 1 milyard 484,5 milyon manat (artım 25,4%) təşkil edib.
Yanvar-avqust aylarının yekunları üzrə bank sektorunun əməliyyat mənfəəti 1 milyard 65 milyon manat (artım 25,2%) təşkil edib.
Hesabat dövründə bankların vergi ödənilənədək ümumi mənfəəti 911,6 milyon manat (artım 25,7%), mənfəət vergisi üzrə ödənişlər 187,4 milyon manat məbləğində (artım 38%) qiymətləndirilir.
31 avqust 2023-cü il tarixinə respublikada 24 bank fəaliyyət göstərir. Bu bankların 9-u (2022-ci ilin sonuna 10 bank) xarici kapitallıdır.
Bankların 486 filialı (2022-ci ilin sonuna olan göstərici ilə müqayisədə artım 0,2%) və 89 şöbəsi (2022-ci ilin sonuna 91) var.
Bank sektorunda 23,491 min nəfər (2022-ci ilin sonuna olan göstərici ilə müqayisədə artım 3,1% - İF) çalışır.**
A.Əzizov