Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasında irəliləyiş həm də regional normallaşmaya böyük təkan verəcək. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan belə hesab edir.
“Azərbaycan-Ermənistan normallaşma prosesində irəliləyişin əldə olunması həm də regional normallaşmaya böyük təkan verəcək. Biz Cənubi Qafqazda sabitliyin, sülhün və rifahın bərqərar olması üçün Azərbaycanla işləməyə davam edəcəyik. Ümid edirəm ki, Naxçıvana səfərimiz təkcə ikitərəfli münasibətlərimiz üçün deyil, həm də bütün region üçün faydalı olacaq”, - Ərdoğan Naxçıvandan qayıdan zaman jurnalistlərə müsahibəsində deyib.
Onun sözlərinə görə, Azərbaycanın ötən həftə Qarabağ regionunda keçirdiyi antiterror tədbirləri Azərbaycanın bütün Qarabağ üzərində suverenliyini möhkəmləndirib. «Daha da önəmlisi, regionda daimi sülh və sabitlik üçün yeni fürsətlər pəncərəsi açıldı», - o qeyd edib.
Həmçinin, Türkiyə lideri Ermənistandan prosesi (Azərbaycanla münasibətlərin normallaşması - İF) uzatmaq əvəzinə, güclü iradə nümayiş etdirəcəyinə ümidvar olduğunu bildirib. "Mən bu gözləntiləri sentyabrın 11-də Ermənistanın baş naziri Nikol Paşinyanla telefon danışığı zamanı da bildirdim. Biz Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə hörmət edilərsə, həlli mümkün olmayan heç bir problem görmürük", - Ərdoğan əlavə edib. **
R.Əhmədov