Çərşənbə axşamı Azərbaycan prezidenti İlham Əliyev ilə ABŞ dövlət katibi Antoni Blinken arasında telefon danışığı olub, həmsöhbətlər Qarabağ bölgəsində hazırkı vəziyyəti müzakirə ediblər.
Azərbaycan prezidentinin mətbuat xidmətinin məlumatına görə, söhbət ABŞ tərəfinin təşəbbüsü ilə baş tutub.
“Əliyev və Blinken telefon söhbəti zamanı, erməni silahlı qüvvələrinə qarşı antiterror tədbirlərindən sonra Azərbaycanın Qarabağ bölgəsində hazırkı vəziyyət ətrafında fikir mübadiləsi aparıblar”, - məlumatda deyilir.
Əliyev 24 saatdan az müddətdə yekunlaşan antiterror tədbirləri zamanı yalnız hərbi obyektlərin hədəf alındığını, mülki əhaliyə zərər verilmədiyini diqqətə çatdırıb.
O, həmçinin məlumat verib ki, hazırda qanunsuz erməni silahlı qüvvələrinin tərk-silah prosesi və onların Azərbaycan ərazisindən çıxarılması işi həyata keçirilir. Əliyev qeyd edib ki, son beş gün ərzində yüzlərlə hərbi texnika, silah-sursat və hərbi təchizat mallarının müsadirə edilib.
Söhbət zamanı Əliyev Azərbaycanda yaşayan digər etnik azlıqlar kimi Qarabağ bölgəsində yaşayan erməni sakinlərin hüquqlarının ölkə qanunvericiliyi və beynəlxalq öhdəliklər çərçivəsində təmin edilməsi məqsədilə hazırda müvafiq iş aparıldığını bəyan edib.
“Prezident vurğulayıb ki, Azərbaycan nümayəndələri ilə erməni sakinlərin nümayəndələri arasında reinteqrasiya istiqamətində dialoq aparılır, erməni sakinlərə Azərbaycan tərəfindən humanitar yardımlar göndərilir, ərazidə infrastruktur bərpa edilir”, - məlumatda qeyd olunur.
O cümlədən, söhbət əsnasında bildirilib ki, erməni sakinlərə yardımların göstərilməsi istiqamətində Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) ilə əməkdaşlıq həyata keçirilir, Azərbaycanda akkreditə olunmuş BMT-nin Rezident Əlaqələndirici Ofisinin yaxın zamanda Qarabağ bölgəsinə səfəri planlaşdırılır.
“Öz növbəsində, Blinken yaranmış vəziyyətlə bağlı narahatlığını ifadə edib, bölgədə sabitliyin təmin edilməsinin, yerli ermənilərlə dialoqun vacib olduğunu bildirib”, - Azərbaycan prezidentinin mətbuat xidməti vurğulayır. **
R.Əhmədov