2023-cü ilin yanvar-avqust aylarında Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə 152,590 milyon barel neft ixrac edilib ki, bu da 2022-ci ilin müvafiq dövrünün göstəricisindən 5,9% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Türkiyənin “BOTAS International Limited” şirkətindən (BIL – BTC-nin Türkiyədən keçən hissəsinin operatoru) məlumat verilib.
Şirkətin məlumatına görə, avqustda BTC ilə 19,181 milyon barel neft (2022-ci ilin iyun ayının göstəricisindən 4% çox) nəql olunub.
2022-ci ildə BTC ilə 225,445 milyon barel neft (2021-ci illə müqayisədə artım 12,6%) nəql edilib.
Hazırda “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan hasil olunan neft və “Şahdəniz” yatağından çıxarılan kondensat, SOCAR-ın nefti, eləcə də Türkmənistan, Qazaxıstan və Rusiya nefti BTC boru kəməri ilə nəql olunur.
BTC neft kəmərinin uzunluğu 1768 km-dir. Bunun 443 km-i Azərbaycan, 249 km-i Gürcüstan, 1076 km-i Türkiyə ərazisindədir. Boru kəmərinin ötürmə qabiliyyəti ildə 50 milyon tondan çoxdur.
Layihənin iştirakçıları BP (30,1%); SOCAR (25%); MOL (8,9%); “Equinor” (8,71%); TPAO (6,53%); ENI (5%); “Itochu” (3,4%); “ExxonMobil” (2,5%); INPEX (2,5%), “TotalEnergies” (5%) və ONGC (2,36%) şirkətləridir.**
N.Abbasova