Azərbaycan hökuməti Qarabağ ermənilərinin reinteqrasiyası çərçivəsində Qarabağ bölgəsində yaşayan erməni sakinlərin qeydiyyatını aparacaq, müraciətlərin qəbulu elektron qaydada həyata keçiriləcək. Bu barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyası məlumat verir.
“Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlərin Azərbaycan cəmiyyətinə dayanıqlı reinteqrasiyasının təmin edilməsi və Azərbaycan dövlətinin himayəsindən istifadə etmələrinə imkan yaradılması məqsədilə Qarabağ bölgəsində sosial, humanitar, iqtisadi və infrastruktur məsələlərinin həlli üzrə İşçi qrupa (baş nazirin müavini Şahin Mustafayev rəhərlik edir - İF) həmin şəxslərin hüquqi statusunun müəyyən olunması ilə bağlı müvafiq tapşırıqlar verilib”, - Administrasiya qeyd edir.
Bu fəaliyyət çərçivəsində ilkin mərhələdə Qarabağ bölgəsində yaşayan erməni sakinlərin qeydiyyatının aparılması nəzərdə tutulur. Müraciətlərin qəbulu və qeydiyyata alınma prosesi Dövlət Miqrasiya Xidməti tərəfindən bu məqsədlə yaradılmış xüsusi portal vasitəsilə müraciət edən şəxslərin maksimum rahatlığı və informasiya əlçatanlığını təmin edəcək şəkildə elektron qaydada həyata keçiriləcək.
“İlkin qeydiyyata alınma Qarabağ bölgəsində yaşayan erməni sakinlərin bütün dövlət xidmətlərindən səmərəli şəkildə yararlanmasına, həmçinin sosial-iqtisadi və humanitar ehtiyaclarının qarşılanmasına imkan yaradacaq”, - məlumatda vurğulanır.
Azərbaycan Respublikası Prezidentinin Administrasiyası nəzərə çatdırır ki, Qarabağ bölgəsində yaşayan erməni sakinlər ilkin qeydiyyata alınmaq üçün könüllü şəkildəreintegration.gov.azportalına və ya aşağıdakı əlaqə vasitələri ilə müraciət edə bilərlər:
Telefon nömrəsi: +994 12 526 09 19
WhatsApp nömrəsi: +994 70 527 09 19
Elektron poçt ünvanı:info@reintegration.gov.az
“Əlavə olaraq, yaxın zamanda müraciətlərin yerlərdə qəbulu təşkil ediləcək”, - Administrasiya vurğulayır. **
R.Əhmədov