Çərşənbə günü Azərbaycan Banklar Assosiasiyasının (ABA) Rəyasət Heyətinin geniş tərkibdə iclası keçirilib. İclasda, lokal xarakterli antiterror tədbirləri çərçivəsində Qarabağda qanunsuz yerləşmiş terrorçuların zərərsizləşdirilməsi və Azərbaycanın suverenliyinin bərpası uğrunda şəhid olmuş və yaralanmış hərbiçilərlə əlaqədar bir sıra qərarlar qəbul olunub.
“İnterfaks-Azərbaycan”a ABA-dan verilən məlumata görə, şəhid olmuş hərbiçilərin banklarda olan bütün növ kredit öhdəlikləri, onlara hesablanmış faizlər və digər ödəmələr tam həcmdə silinəcək.
Bundan başqa, yaralanmış hərbiçilərin banklara olan kredit öhdəliklərinə 19 sentyabr 2023-cü il tarixindən 31 dekabr 2023-cü il tarixinə olan dövr ərzində hesablanan faizlər və digər ödəmələr bankların hesabınasilinəcək.
Xəbər verildiyi kimi, 19-20 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş lokal antiterror tədbirləri zamanı Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin 192 hərbi qulluqçusu şəhid olub, daha 511 hərbi qulluqçu yaralanıb.
ABA 1990-cı ildən etibarən fəaliyyət göstərir. Hazırda 24 bank və 6 bank olmayan kredit təşkilatı ABA-nın üzvüdür. **
X.Nəsirzadə