Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə bəyan edib ki, Bakının sorğusuna əsasən yaxın zamanda BMT-nin missiyası Qarabağa səfər edəcək
“Məlum olduğu kimi,Ermənistan tərəfi uzun müddət ərzində, Azərbaycan ərazilərinin işğalı zamanı işğal, dağıntı, qanunsuz məskunlaşmalar daxil olmaqla, qanunsuz fəaliyyətin nəticələri ilə yerində tanış olmaq məqsədilə beynəlxalq missiyaların işğal olunmuş ərazilərimizə (Qarabağ və Şərqi Zəngəzur - İF) səfərini hər zaman əngəlləyib və ya məhdudlaşdırıb", - Hacızadənin şərhində deilir.
O vurğulayıb ki, ötən həftə uğurla keçirilən lokal xarakterli antiterror tədbirlərindən və qanunsuz erməni silahlı birləşmələrinin çıxarılmasından sonra Bakı “BMT-nin müvafiq qurumlarını Azərbaycanın Qarabağ bölgəsinə səfərə dəvət edib”.
“Belə bir səfər yaxın günlərdə BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisinin himayəsi altında, BMT və Azərbaycan arasında Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə sənədinə (2021-2025) uyğun olaraq həyata keçiriləcək”, - XİN-in nümayəndəsi bildirib.
Hacızadə əlavə edib ki, BMT-nin missiyasının Azərbaycanın regionda həyata keçirdiyi cari humanitar fəaliyyət ilə tanış olmaq imkanı yaranacaq. Bundan əlavə, müəyyən infrastrukturun bərpası, qeyri-qanuni erməni silahlı qüvvələrinin tərksilahı və silah-sursatının müsadirə edilməsi prosesi, minalardan yaranan təhlükələr heyətin üzvlərinə nümayiş etdiriləcək. **
X.Nəsirzadə