2023-cü ilin yanvar-avqust ayları ərzində “ƏDV geri al” layihəsi çərçivəsində istehlakçılara 99,7 milyon manat ƏDV məbləği geri qaytarılıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən məlumat verilib.
“Azərbaycanda “ƏDV geri al” layihəsinin tətbiq edildiyi vaxtdan bu il sentyabrın 1-nə qədər www.edvgerial.az portalında qeydiyyatdan keçmiş istehlakçılara 1 milyarddan çox kassa çeki üzrə 461,2 milyon manat, bu ilin yanvar-avqust aylarında isə 99,7 milyon manat ƏDV məbləği geri qaytarılıb”, - məlumatda qeyd olunur.
Qaytarılmış vəsaitin 70,3 %-i nağdsız, 29,7 %-i isə nağd qaydada alınmış mallara görə ödənilib.
Bu günə qədər alınmış mallara görə ödənilmiş ƏDV-nin bir hissəsinin qaytarılması üçün www.edvgerial.az portalında 2,4 milyona yaxın istifadəçi qeydə alınıb.
Prezident İlham Əliyev 2020-ci ilin mart ayında “ƏDV-nin bir hissəsinin qaytarılması mexanizmi”ni təsdiq edib. Mexanizmə əsasən, Azərbaycan vətəndaşları ticarət və iaşə obyektlərində ödənişlər zamanı ƏDV-nin bir hissəsini 30 gün ərzində geri ala bilərlər.
ƏDV-nin bir hissəsinin geri qaytarılması xidmətindən istifadə etmək istəyənlər xüsusi portalda qeydiyyatdan keçməlidirlər. İstehlakçı alış-veriş zamanı satıcıdan nəzarət-kassa aparatı çekini tələb etməlidir. İstehlakçı malların dəyərini nağdsız qaydada POS-terminal vasitəsilə ödədikdə və POS-terminal nəzarət-kassa aparatı ilə inteqrasiya olunmadıqda, istehlakçıya POS-terminaldan çıxarış da verilməlidir.
Qaytarılan məbləğ nağd qaydada ödənilmiş ƏDV-nin 5%-ni, nağdsız qaydada ödənilmiş ƏDV-nin isə 17,5%-ni təşkil edir.*
X.Nəsirzadə